Real vətən bu dəfə Laçın oldu

Dövlət Turizm Agentliyinin və Turizm Bürosunun dəstəyilə Real televiziyasının birgə layihəsi olan “Real vətən”in yeni buraxılışı Laçına həsr olunub. 2019-cu ildən başlayan layihə bu məqsədlə yarandı ki, Azərbaycanın səfalı bölgələri lentə alınsın, axar-baxarlı məkanlarımız turistlərin diqqətini çəksin. Bugünəcən 22 bölgədə işləyən çəkliş qrupu hər məkandan 2 film çəkib.
Yeni mövsümdən “Real vətən Qarabağ” adıyla təqdim olunan layihənin müəllifi Səyavuş Hüseynlinin dediyinə görə, artıq Medianın İnkişafı Agentliyi və Audiovizual Şura da işə dəstək olub. Nəzərdə tutulub ki, Qarabağ mövzusunda 20-yə yaxın film çəkilsin. Xatırladaq ki, filmlərin hər biri ingilis və rus dillərinə tərcümə olunub. Layihənin bir özəlliyi də budur ki, çəkiliş qrupu hər bir yeri fərqli mövsümlərdə lentə alır, yəni məkanın yayı da, qışı da, gecəsi də, gündüzü də bir filmdə təsvir olunur.
“Real vətən Laçın” Real TV-də efirə gedəndən sonra youtube platformasına yerləşdirilib.