Diplomatlar Laçında

20 June, 2025 19:06

Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri Laçına səfər ediblər.

Səfər çərçivəsində qonaqlar “Hoçazfilm” studiyasında yaradılmış şəraitlə tanış olublar. Çoxşaxəli yaradıcılıq məkanı olan “Hoçazfilm”in perspektiv fəaliyyət istiqamətləri haqqında onlara məlumat verilib. Bu istiqamətlərə Qarabağ regionunun təbliğatı ilə bağlı layihələrin həyata keçirilməsi, mədəni-kütləvi tədbirlərin işıqlandırılması, Laçında yenidənqurma işlərinin, regionun milli brendlərinin və yerli məhsullarının təşviqi, gənclər üçün yay məktəbləri, kinematoqrafiya, rəsm kursları və müsabiqələrinin təşkili daxildir.

Diplomatların tanışlıq səfərinin növbəti ünvanı Yurd Qalereyası olub. 2025-ci ildə Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi çərçivəsində açılmış qalereya Qarabağ və Şərqi Zəngəzurun zəngin mədəni irsini əks etdirmək məqsədi daşıyır. Burada yerli sənətkarların əsərləri, bölgənin tarixi və etnoqrafiyası ilə bağlı eksponatlar sərgilənir. Qalereya həm də mədəni tədbirlər və sərgilər üçün yaradıcı platformadır.

Bakı Abadlıq Xidmətinin dəstəyi ilə Laçın şəhərində açılan ilk özəl "Yurd" qalereyası artıq Azərbaycanın hüdudlarından kənarda, Avropada təmsil olunur.

Daha sonra qonaqlar “Lacinema” mərkəzinə baş çəkiblər. Qeyd edilib ki, kino mərkəzi musiqili və bədii tədbirlərin keçirildiyi məkana çevrilib. Bayram və əlamətdar günlər ərəfəsində mərkəzdə bir çox mədəni tədbirlər təşkil edilir. Diplomatlar burada işğal zamanı çəkilən görüntülərə və azad edildikdən sonra Laçında görülən bərpa-quruculuq işlərini özündə əks etdirən videoçarxa baxıblar.

Laçındakı yaradıcılıq mərkəzlərindən biri - "Gilabi Ceramics” də səfər iştirakçılarının marağına səbəb olub, burada ərsəyə gələn əl işlərinin sərgisinə baxış keçirilib.

Səfər zamanı qonaqlar Həkəri çayının Laçın şəhər mərkəzindən keçən sahilində olub, çaya balıq buraxıblar.

Nümayəndə heyətini Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edib.

 

 

 

 

 

 

 

 

 

ƏN ÇOX OXUNANLAR