Abadlaşan İslamabad

2015-ci ildə imzalanan “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” iki ölkə arasında əlaqələrin inkişafı üçün önəmli addım oldu. Prezident İlham Əliyevin 2024-cü ilin iyulunda Pakistana dövlət səfəri, həmçinin bu ilin fevralında Pakistan dövlət rəsmilərinin Bakı səfəri zamanı əməkdaşlıq sahələrinə bir daha nəzər salındı.
Ticarət dövriyyəsinin artırılması, enerji sektorunda birgə layihələrin həyata keçirilməsi istiqamətində atılan addımlar, hər iki ölkənin iş adamlarının birgə təşkil etdiyi biznes forumlar və sərgilər iqtisadi iş birliyinin genişlənməsinə münbit şərait yaradıb.
Azərbaycan və Pakistan iqtisadi iş birliyi çərçivəsində nəzərdə tutulan daha bir layihə İslamabadın Bakı nümunəsi əsasında abadlaşdırılmasıdır.
Pakistanın paytaxtı İslamabadda dörd böyük layihənin həyata keçirilməsi “Bakı Abadlıq Xidməti” MMC-yə həvalə edilib.
Layihələrdən birincisi Konqres Mərkəzinin müasirləşdirilməsidir. 1997-ci ildə istifadəyə verilən bu mərkəzin ətrafında müasir dizayn elementlərindən istifadə edilməklə yaşıllaşdırma işləri görüləcək.
"Bakı Abadlıq Xidməti"nin Pakistan paytaxtındakı ikinci böyük layihəsi şəhər mərkəzi ilə hava limanını birləşdirən əsas magistral yolda həyata keçirilir. 25,5 kilometrlik Şrinaqar şossesi boyunca yaşıllaşdırma işləri aparılır.
Bakılı mütəxəssislərin Pakistana üçüncü töhfəsi Melody Food Park prospektidir. Bu ərazi insanların istirahət və əyləncə məkanına çevriləcək, ətrafdakı binalar yenilənəcək, kiçik biznes obyektləri bərpa olunacaq. Nəzərdə tutulub ki, Bakının Nizami küçəsi kimi, Melody Food Park da turistlərin sevimli məkanına çevrilsin.
Dördüncü layihə 15 min əhalinin yaşadığı Seyidpur kəndində yenidənqurma və bərpa işlərini əhatə edir. Qədim memarlıq ənənələrini əks etdirən bu kənddə su ehtiyatlarını idarə etmək üçün müasir kommunikasiya sistemləri və sanitariya xidməti yaradılacaq. Kəndin infrastrukturu tamamilə yenilənsə də, azərbaycanlı mütəxəssislər yerli estetikanı və koloriti qorumaq niyyətindədirlər. Yerli əhalinin xidmət bacarıqlarını artırmaq məqsədilə müxtəlif təlimlər də təşkil ediləcək.
"Bakı Abadlıq Xidməti"nin İslamabad layihəsinə pakistanlı mütəxəssislər və sənətkarlar da cəlb olunub. Bunun nəticəsində görülən işlərin faydalılıq əmsalı yüksəlib və İslamabadda yeni iş yerləri açılıb.
Bir maraqlı xəbər də budur ki, İslamabaddakı tikinti-bərpa işlərində yerli xammaldan istifadə olunur. Pakistanda keyfiyyətli mərmər, travertin və tikinti üçün yararlı qiymətli ağac növləri var. Bu materiallardan istifadə etmək həm maliyyə, həm də keyfiyyət baxımından daha sərfəlidir.
Beləliklə, Pakistan dövlətinin 1960-cı ildə yeni paytaxt kimi saldığı İslamabad müasir intibah mərhələsinə qədəm qoyur. Bu böyük layihələr Azərbaycan dövlətinin diqqət və qayğısı, həmçinin azərbaycanlı mütəxəssislərin və iş adamlarının səyi hesabına həyata keçirilir.