KƏLBƏCƏR LAYİHƏSİ - YENİLƏNİR

KƏLBƏCƏR LAYİHƏSİ - YENİLƏNİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşüblər. 33 ildən sonra doğma yurda qayıdan kəlbəcərliləri təbrik edən Prezident, Kəlbəcərin hansı şəraitdə azad edildiyini yada salıb. Ərazini tərk edən ermənilər nəinki evləri, hətta meşələri də yandırırdılar.
“Onlar buranı dağıdıblar, biz isə qurub-yaratmışıq”, - deyə Prezident Kəlbəcərin yeni simasını bəyəndiyini vurğulayıb. Xatırladaq ki, Kəlbəcər şəhərində aparılan tikinti-quruculuq işlərinin 1-ci mərhələsi başa çatıb. Kəlbəcər layihəsi Laçın layihəsindən tamamilə fərqlidir. Burada heç bir təmir-bərpa işləri görülməyib. Bizim inşaatçılar bütün köhnə tikililərin qalıqlarını söküb, sıfırdan yeni bir şəhər salıblar.
Layihə üzrə 19,5 hektar ərazidə aparılan yenidənqurma işləri Kəlbəcərin baş planı əsasında həyata keçirilib. İsveçrəli memarların hazırladığı baş planın layihəsi 2 mərhələdən ibarətdir. Birinci mərhələ uğurla başa çatıb, 201 mənzil təhvil verilib. 6 ədəd 4 mərtəbəli, 3 bloklu çoxmənzilli yaşayış binasında 162 mənzil, 39 ədəd “Townhouse” tipli iki mərtəbəli 3 otaqlı ev artıq sakinlərin ixtiyarına verilib. Yeni mənzillərdə artıq 20 ailə məskunlaşıb.
İkinci mərhələdə 323 mənzil təhvil veriləcək. 16 ədəd 4 mərtəbəli çoxmənzilli bina, 57 ədəd “Townhouse” tipli ev təqdim olunacaq. Dörd mərtəbəli binalarda avtoparklar olacaq, həmçinin alman istehsalı olan liftlər də quraşdırılacaq. Beləliklə, layihənin sonunda 524 ailə mənzillə təmin olunacaq. Xatırladaq ki, Kəlbəcərdə aparılan böyük tikintiyə 2023-cü il iyulun 1-də start verilib. Hazırda yaşayış məhəlləsinin ikinci mərhələsində dəmir-beton işləri aparılır.
Yeri gəlmişkən, Bakı Abadlıq Xidmətinin digər layihələrində olduğu kimi, burada da istifadə olunan xammal və inşaat materialları Avropa standartlarına uyğundur. Almaniyada istehsal olunan pəncərə sistemlərinin davamlılığına tam təminat var. Ümumiyyətlə, Kəlbəcər layihəsi memarlıq baxımından fərqli tikililərdən ibarətdir. ABŞ üslubunda ikimərtəbəli yaşayış binaları Azərbaycanda ilk dəfədir inşa olunur.
Qeyd edək ki, ərazidəki yaşıllıq və işıqlandırma işləri də Bakı Abadlıq Xidməti tərəfindən həyata keçirilir. Proses hələ davam etməkdədir. Bu isə o deməkdir ki, tezliklə yüzlərlə insanın mənzil məsələsi həll olunacaq, kəlbəcərlilər dədə-baba yurdlarına qayıdıb vətəni dirçəldəcəklər.



