PORTFOLİO
Layihələr

Sabir bağı
Bakının mərkəzində, İstiqlaliyyət küçəsində yerləşən Sabir bağının ümumi sahəsi 6820 kvadratmetrdir. 103 yaşlı bağın 4110 kvadratmetrlik sahəsi yaşıllıqla örtülüb, bu da ərazinin təbii gözəlliyini və ekoloji əhəmiyyətini daha da artırır. Burada həmçinin fəvvarə, rahat oturacaqlar, kölgəli sahələr var.
Bakı Abadlıq Xidməti tərəfindən hər gün səhər saat 7-dən axşamadək abadlıq, təmizlik və yaşıllaşdırma işləri aparılan bağda 1262 ağac və kol var. Bunlardan 152-si çoxillik və iri gövdəli ağaclardır ki, bəzilərinin yaşı 100-ü ötüb. Xüsusilə dağdağan ağacı uzunömürlü təbiət yadigarı kimi diqqəti cəlb edir.
Bağın flora müxtəlifliyi çox zəngindir. 1120 mövsümi gül, eləcə də İtaliyadan gətirilən maqnoliya və Suriya hibiskusu bağa özünəməxsus gözəllik qatır. Bütün ağac və bitkilərə mövsümə uyğun olaraq qulluq göstərilir, budama, gübrələmə, sulama işləri ardıcıl olaraq aparılır.
Sabir bağı həm paytaxt sakinlərinin, həm də şəhərə səfər edən turistlərin sevimli istirahət məkanlarından biridir.