PORTFOLİO

Layihələr

İzmir parkı

2009-cu ilin may ayında paytaxtın Yasamal rayonundakı bu istirahət guşəsində əsaslı təmir və yenidənqurma işləri həyata keçirilib. Sakinlərin istirahəti üçün yararsız vəziyyətdə olan park abadlaşdırılıb. Fevralda başlanılmış yenidənqurma işləri qısa vaxtda yüksək keyfiyyətlə başa çatdırılıb. İndi İzmir parkı paytaxtımızın bu hissəsinə xüsusi yaraşıq verir. Bir hektara yaxın ərazini əhatə edən parkda hündürlüyü 8 metr, diametri 14 metr, çəkisi 10 ton olan qranit daşdan və çuqundan hazırlanmış yeni müasir fəvvarə quraşdırılıb. Beş iş rejimi olan fəvvarə 300 lampa ilə işıqlandırılıb. Parkın ərazisinə Hindistanda istehsal olunmuş təbii daşlar və piltələr döşənib. Ərazidə Belçika və İtaliyadan gətirilmiş müxtəlif ağaclar və gül kolları, o cümlədən taksus, banzay və sərv ağacları, qızılgüllər, azaliyalar və digər dekorativ bitkilər əkilib, yaşıllıq salınıb. Axşam saatlarında bu ağaclar işıqlandırılır. Yaşıllaşdırılmış ərazidə avtomatik suvarma sistemi quraşdırılıb. Parkın xarici divarları Abşeron daşından, istinad divarları isə xaricdən gətirilən travertin və mərmərdən inşa olunub. Ərazidə yeni yollar və cığırlar salınmış, daş heykəlciklər qoyulub. Müasir tələblər səviyyəsində qurulan parkın işıqlandırma sistemi Almaniya istehsalı olan yüksək keyfiyyətli avadanlıqdan yığılıb. Burada 85 orijinal çıraq quraşdırılıb, 85 rahat oturacaq qoyulub.