Yeni ekoloji layihe
Bir müddət əvvəl Laçının abadlaşdırmaq kimi vacib və şərəfli vəzifəni yerinə yetirməyə başlayan Bakı Abadlıq Xidməti evlərin təmiri və bərpası, şəhərin yenidən qurulması və işıqlandırılması, yolların sahmana salınması, infrastrukturun yaradılması, yeni müəssisələrin, əhali üçün iş yerlərinin açılması kimi qlobal layihələrlə yanaşı həm də şəhərdə təmizlik işləri, yaşıllaşdırılma kimi vacib sahələri də əhatə etmişdi. O zaman Laçında, Həkəri çayının sahilində kompost istehsalı da həyata keçirilən işlər sırasında idi. Məişət tullantılarından orqanik gübrə - kompost əldə etmək məqsədilə müxtəlif həcmli iki avadanlıq quraşdırılmışdı.
Sənaye komposterlərini işlətmək üçün çürümüş meyvə, xarab olmuş tərəvəz qalıqları, saman və başqa tullantılar avadanlığa atılırdı. Tullantılar aparatda doğranır və kompost istehsalına başlanılırdı. Proses bir gün ərzində tamamlandığına görə növbəti gün hazır məhsul əldə olunurdu.
Kompostun digər gübrələrdən fərqi onun tam təbii və olduqca effektiv olması idi.
Laçında belə aparatların istifadəsi həm təmizliyə, tullantılardan düzgün istifadəyə, həm də sakinlərdə və qonaqlarda fərqli mədəni vərdişlərin formalaşmasına töhfə verəcəkdi. Belə innovasiyaların tətbiqi və laçınlıların birgə səyi ilə şəhər təmiz şəhərlər sırasında yer ala biləcəkdi.
İki il əvvəl Laçında başlayan bu təşəbbüs artıq Bakıda da geniş şəkildə tətbiq olunmağa başlayıb. Məqsəd ekoloji mədəniyyəti gücləndirmək və təbii resurslardan səmərəli istifadə etməkdən ibarətdir.
Bakı Abadlıq Xidmətinin “EkoSfera” Ekoloji-Sosial Mərkəzi ilə həyata keçirdiyi layihə zamanı məktəblərdə qida və üzvi tullantılarının təkrar emalı həyata keçiriləcək.
Azərbaycanda ekoloji mədəniyyəti gücləndirmək və təbii resurslardan səmərəli istifadə etmək məqsədilə “EkoSfera” Ekoloji-Sosial Mərkəzi İctimai Birliyi ilə “Bakı Abadlıq Xidməti” MMC arasında əməkdaşlıq çərçivəsində ümumtəhsil müəssisələrində qida və üzvi tullantıların təkrar emalı üzrə yeni mərhələyə başlanılıb. Tərəfdaşlıq çərçivəsində proqramın iştirakçısı olan 100-ə yaxın ümumtəhsil müəssisəsinə 100 ədəd biohumus avadanlıqlarının paylanmasına start verilib.
Layihənin ilk tədbiri Balaxanıda keçirilib. Dəvət olunan uşaqlara kompost, onun necə işləməsi barədə ətraflı məlumat verilib. İştirakçılar sözügedən aparatla əyani şəkildə tanış olublar. İnteraktiv oyuna qatılan məktəblilər öz əlləri ilə gübrə istehsal ediblər. Xatırladaq ki, orqanik tullantıların idarəolunması dünya üzrə gənclərin cəlb edildiyi prioritet layihədir. Azərbaycanda bu işin başlanması ölkəmizin də yaşıl dünyaya inteqrasiya etməsinin bariz nümunəsidir.
Qida və üzvi tullantıların təkrar emalı nəticəsində əldə edilən təbii gübrə – biohumus. Məktəb ərazilərinin yaşıllaşdırılmasına xidmət edəcək. Proses davamlı həyata keçirilsə məktəblər landşaft sahələri üçün ekoloji gübrə ilə tam təmin olunmuş olacaqlar. Ən maraqlısı isə bu işin kütləviliyidir, yəni məktəbin hər bir şagirdi bu prosesdə iştirak edə biləcək. Bu, yeniyetmələr üçün praktiki ekoloji təcrübə olacaq, həmçinin məktəblərdə tətbiqi öyrənmə mühiti yaranacaq. Nəzərdə tutulub ki, layihə müddəti başa çatdıqdan sonra avadanlıqlar geri toplanaraq EkoSfera-ya təhvil veriləcək.
Bu təşəbbüs məktəblərdə ekoloji davranış və resurs dövriyyəsi mədəniyyətinin formalaşdırılması istiqamətində ölkədə tətbiq olunan ən genişmiqyaslı praktik layihə kimi dəyərləndirilir.





