Balaxanıda uşaq və gənclərlə Biomüxtəliflik Günü qeyd olunub
22 may 2025-ci il tarixində Beynəlxalq Biomüxtəliflik Günü münasibətilə Balaxanı Ekoloji Mərkəzi və Botanika Bağında “Təbiəti Qoruyan Uşaqlar!” (“Cool Kids Conserve!”) şüarı altında keçirilən tədbirdə uşaqlar və gənclər ekoloji fəaliyyətlərə qoşulublar.
Tədbir Ekologiya və Təbii Sərvətlər Nazirliyi, FAO-nun Azərbaycan ofisi, “Bakı Abadlıq Xidməti” və “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilib.
Tədbirdə FAO-nun Azərbaycandakı nümayəndəsinin müavini Bariz Mehdiyev, FAO layihəsinin baş texniki mütəxəssisi Peter Pexaçek, Milli Məclisin deputatı Pərvanə Vəliyeva, “EkoSfera” Ekoloji-Sosial Mərkəzinin direktoru Firuzə Sultan-zadə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, Biomüxtəlifliyin Mühafizəsi Xidmətinin və Bakı Abadlıq Xidmətinin nümayəndələri, Bakı Dövlət Universitetinin Ekologiya və Torpaqşünaslıq fakültəsinin tələbələri, “Yaşıl Şəbəkə” ekoloji maarifləndirmə proqramının fəal ekoklub üzvləri, həmçinin müxtəlif məktəblərin ekoklub rəhbərləri və bölgələrdən gəlmiş ekoloji fəal şagirdlər iştirak ediblər.
Rəsmi çıxışlarda biomüxtəlifliyin əhəmiyyəti, təbiətin bərpası və gənclərin bu prosesdə rolu vurğulanıb.
Praktiki fəaliyyətlərə botanika üzrə master-klass və keramika üzrə ustad dərsi, “Biomüxtəlifliyin detektivləri” kvest oyunu, Milli Parklar haqqında sənədli film nümayişi və maarifləndirici ekskursiyalar daxil olub. Botanika Bağında keçirilən ağacəkmə mərasimi çərçivəsində 150 nəfər tələbə və ekoklub üzvünün iştirakı ilə zeytun ağacları əkilərək tədbirə yekun vurulub.